AZ   |   RU
Görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günüdür


Bu gün Bəstəkarımız, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Qəmbər Hüseynlinin doğum günüdür.

Missiya.Az 
xəbər verir ki, o, 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində dünyaya gəlib. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda sənətkar artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. Həmin dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.

Bəstəkar 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunub. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olub. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayıb. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edib. Hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tuturdu. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən incəsənət xadimi pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilib. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verib. İki il müddətində tanınmış musiqi pedaqoqu A. S. Şvartsın violonçel sinfində təhsil alıb. Qərb ölkələrində geniş yayılan sözügedən aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarıb. Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmayıb. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmayıb. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçiriblər. O, burada Q. Z. Buruşteynin sinfində təhsilini davam etdirib. Çox keçmir ki, bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərib.


O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyib. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə istedadlı bir bəstəkar olacağını sübut edib. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var — "Cücələrim". Qəmbər Hüseynli deyəndə "Cücələrim", "Cücələrim"in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.


Görkəmli bəstəkar 31 iyul 1961-ci ildə Bakıda vəfat edib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 10:14