AZ   |   RU
Göygöl sakinləri qazın tez-tez kəsilməsindən narazıdırlar

Göygöl rayonunun Qızılqaya qəsəbəsinin bir qrup sakini tərəfindən redaksiyamıza şikayət daxil olub.

Onlar Missiya.Az-a müraciətlərində bildiriblər ki, Qaz İdarəsi sözügedən qəsəbədə yeni tikililərə qaz xətti çəkdiyi üçün ərazinin qaz təchizatını mütəmadi dayandırırlar.

“Həm də heç bir xəbərdarlıq olunmadan qazlar kəsilir, saatlarla belə qalır. Zəng edəndə isə söyləyirlər: “Məlumatımız yoxdur”. O cümlədən təzyiqi azaldırlar, sərfiyyatı isə çox göstərirlər. Biz narazılıq etdiyimiz zaman isə məhkəməyə verirlər. Baxın havalar yenə soyuyub, əziyyət çəkirik”, - deyə sakinlər vurğulayıblar.

Problemi araşdırmaq üçün Gəncə regional Qaz İstismar İdarəsinin Göygöl rayon Xidmət Sahəsinin rəisi Şahlar Məmmədovla əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, doğrudur, deyilən ərazilərdə qaz sızması üzrə abonentlərimizdən müraciətlər daxil olur:

“Sızmaların ləğvi isə bəzən qaynaq vasitəsilə icra olunur. Yanğına səbəb olmamaq üçün qazla bağlı qəza hallarında qaz təminatını dayandırmaq məcburiyyətində qalırıq. Göygöl Xidmət Sahəsi olaraq abonentlərin daim fasiləsiz təbii qazdan istifadə edə bilməsi bizim üçün də çox önəmlidir.

Şahlar Məmmədov əlavə edib ki, məhkəmə müraciətləri isə hazırda yalnız debitor borcunu uzun müddət ödəməyən və qaz təminatının dayandırılmasına şərait yaratmayan şəxslərə tətbiq olunur:

“Bu barədə məhkəmədən də məlumat alsanız təsdiqləyərlər. Sayğac göstəricisində nə qeyd olunubsa, sistemə də o daxil edilir və abonentə bildiriş verilir. Bildiyiniz kimi, həmin sayğaclar dövlət tərəfindən Antiinhisar İdarəsinin iştirakı ilə yoxlamadan keçirilib, standarta uyğunlaşdırılıb. Qaz sərfinin çox yazılması halı yoxdur. Hava şəraiti ilə əlaqədar qazdan istifadə artıb. Buna sübut əsas iki statistik rəqəmdir. 1-ci Göygöl Xidmət Sahəsi üzrə əvvəlki illərə nəzərən tələbata uyğun magistraldan daha çox qaz qəbul etməyimiz; 2-ci isə 19806 abonentimiz üzrə orta qaz sərfinin keçən illərə nisbətən çox olmasıdır”.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 16:03