AZ   |   RU
1 aprel Gülüş Günüdür


Bu gün Ümumdünya Gülüş Günüdür.

Zarafat günü Avropada və bir sıra Asiya ölkələrində qeyd olunur. Böyük Britaniyada həmin tarixi "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar.

1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Sözügedən gündə ölkənin hər yerində insanlar gülürdü və müxtəlif zarafatlar edirdilər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, bəziləri yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdi.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi. Tezliklə bu ənənə bütün dünyada o cümlədən Azərbaycanda yayıldı. Düzdür bu gün hər kəs istəyir ki, zarafatlara aldanmasın, amma yenə də aldananlar olur.

Təki zarafatlar incə şəkildə, insanların üzünü güldürərək edilsin. Gülmək gözəldir, gülün ki, mənəvi dünyanız çiçək baxçası olsun.


Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 09:49