AZ   |   RU
Leyla Əliyeva və Arzu Əliyeva AUİB-in yeni inşa olunmuş binasının açılışını ediblər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa olunmuş binasının açılışını ediblər.



Missiya.Az xəbər verir ki, bu barədə AUİB-in mətbuat katibi Rüfət Zəkizadə bildirib. 


Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, onları binada yaradılmış şərait ilə tanış edib. Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasın həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. 


Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılıb və müxtəlif növ ağaclar əkilib, uşaqlar üçün istirahət guşəsi yaradılıb. 


Vurğulanıb ki, təkcə Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək. 


Açılış tədbirində Leyla və Arzu Əliyeva AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisinə baxıblar. Binanın tikintisi "z.construction" dizayn şirkəti tərəfindən həyata keçirilib.    





  • 23-03-2025, 19:19