Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bəzi qəsəbələrdə qazanxanaların işləməməsinin səbəbini açıqlayıb.
Missiya.Az xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı istifadəyə verilmiş bir neçə qəsəbədə müvəqqəti məskunlaşmış köçkünlər qazanxananın fəaliyyət göstərmədiyi ilə bağlı şikayət edib.
"Azərbaycan Prezidentinin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub. Qazanxanaların fəaliyyətində yaranmış fasilələr və gecikmələr məcburi köçkünlərin isti su və istilik təchizatına görə ödənişləri vaxtında ödəməməsi ilə bağlıdır.
Hazırda bir neçə qəsəbədə istilik və isti su ilə təmin edən qazanxanalarda qış mövsümü ilə əlaqədar olaraq, son tamamlama işləri aparılır və qarşıdakı günlərdə işə salınması gözlənilir", - Dövlət Komitəsindən qeyd olunub.