Azərbaycanla Somali Federativ Respublikası arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulmuşdur. 11 fevral 2025-ci ildə Somali prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlib. Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gələn ilk Somali Prezidentidir. Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır.
Somali Prezidentinin səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumları və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində və Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişlərin mübadiləsi olub.
Somali iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Bu mənada Somali Azərbaycanın inkişaf təcrübəsindən böyük ölçüdə yararlanmaq fikrindədir və qarşılıqlı fikir mübadiləsində bu sahəyə xüsusi önəm verilib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev: “Dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinizdən olduqca məmnunam. Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.
Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.”
Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.
Həqiqət Ələkbərova
Nizami rayonu 129 saylı məktəbin psixoloqu