AZ   |   RU
Uşaqların virtual oyun sindromu – Azyaşlılar bu problemdən necə xilas olsunlar?


“Sakit qalsan, sənə telefon verəcəyəm”, “Əgər yeməyinin hamısını yesən, onda telefonda oyun oynaya bilərsən” və s. bəzi valideynlər övladlarına tez-tez belə sözlər deyir. Yəqin, çoxunuz bu halların şahidi olmusunuz.

Ümumiyyətlə uşaqların virtual oyunlardan aslılığı son dövrlər geniş vüsət almış və cəmiyyətdə aktual mözvular sırasındadır. Bu elə həddə çatır ki, artıq bir xəstəliyə çevrilir. Göründüyü kimi sözügedən problemə ana-atalar, ya da evdə böyük bacı-qardaş varsa onlar şərait yaradır, sonra da qarşısını almaqda çətinlik çəkirlər.


Psixoloq Gülər Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, balacaların virtual oyun sindromu zaman-zaman valideynlərin onlara aşıladığı vərdişlər sistemidir:

“Ana və atalar azyaşlının psixi inkişafında onu susdurmaq, nələrəsə razı salmaq, həvəsləndirmək və öz işlərini rahat görmək üçün əlinə telefon verirlər. Kiçik yaşda belə oyunlar oynayıb virtual oyun sindromundan əziyyət çəkirlər. Valideynlər vaxtında sözügedən məsələni diqqətdə saxlasaydılar uşaqlar həmin bataqlığa düşməzdilər. Balaca beləliklə real oyunlardan, təlim fəaliyyətlərindən məhrum olur. Bu da onun üçün artıq bir xəstəlik, sindrom olur”.



Psixoloq əlavə edib ki, ana-atalar problemin qarşısını heç ala bilmədikdə məcbur mütəxəssislərə müraciət edir və psixoloqlar da yaranan fəsadı çətinliklə aradan qaldırır:

“Ona görə uşaqlar körpəlikdən telefondan uzaq durmalı, televiziya qarşısında çox oturmamalıdırlar. Həyətdə çoxlu oynasınlar, öz yaşıdları ilə vaxt keçirsinlər. Bəzi valideynlər o qədər mühafizəkar olur ki, övladını çölə çıxmağa qoymur. Amma uşaq inkişaf etməlidir, sosiallaşmalıdır, ətraf mühiti tanımalıdır. Yoxsa həmişə analarından, atalarından asılı olacaqlar. Təbii ki, valideynlər onları nəzarətsiz saxlamamlıdır ki, mənfi hadisələr yaşanmasın”.


Zərintac Mayisqızı
Missiya.Az





  • 4-12-2024, 10:08