AZ   |   RU
Hansı ixtisaslarda ali təhsilin bütün pillələri üzrə təhsil almaq önəmlidir? - AÇIQLAMA


Bir çox tələbələr bakalavriat səviyyəsini bitirdikdən sonra mütləq ali təhsilin digər pillələri üzrə də oxumağın gərəkli olduğunu düşünürlər. Amma bu bütün ixtisaslar üçün önəmlidirmi? Əmək bazarında nə kimi üstünlüklər qazanacaqlar? Həmin sualların cavabını o qədər də araşdırmırlar. Bəs, hansı ixtisaslarda ali təhsilin bütün pillələri üzrə təhsil almaq vacibdir?

Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında deyib ki, pedaqoji yönümlü, o cümlədən tibbi, bəzi iqtisadi və texnoloji ixtisaslarda təhsilin sonrakı pillələrində davam etmək müəyyən məsələlərdə artıq zərurətə çevrilib:

“Xüsusilə fənlərlə, ixtisaslarla əlaqədar, məsələn, fizika, biologiya, kimya, mexanika, müəllimlik ixtisasları üzrə elmi tədqiqat işləri aparmaq mütləqdir. Həmçinin, I ixtisas qrupu üzrə yer alan texnologiya ixtisasları var ki, həmin sahələrdə oxuyanlar elmi tədqiqat işləri ilə məşğul olmalıdırlar. Bir məqamı da vurğulayım: ekologiya ixtisasında da təkcə bakalavr pilləsi ilə məhdudlaşmaq doğru deyil. Ona görə də sözügedən sahədə həm magistratura, həm də doktorantura səviyyəsində təhsili davam etdirmək lazımdır. Neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və s. ixtisaslarda da ali təhsilin bütün pillələri üzrə oxumaq gərəklidir ki, gələcəkdə elmi-tədqiqat işi aparıb yaxşı, savadlı kimya mühəndisi və ya neft-qaz mühəndisi olsunlar”.




Zərintac Mayisqızı
Missiya.Az





  • 3-12-2024, 12:05