Nizami rayonu İcra Hakimiyyəti, Nizami rayonu Mədəniyyət Mərkəzi və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər gününə həsr olunmuş “Vətəndən pay olmayır” adlı bədii-musiqili tədbir keçirilib.
Missiya.Az xəbər verir ki, Heydər Əliyev adına Neft Emalı zavodunda baş tutmuş bu tədbirdə şəhid ailələri, qazilər, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini anıblar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə TAİB sədri, akademik Sudeif İmamverdiyev çıxış edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsi xalqımızın qürur mənbəyidir. İlham Əliyevin daxili-xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası erməni faşizmini iflasa uğradıb.
O vurğulayıb ki, xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi Zəfərimizi təmin edən ən mühüm amil olub. Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova qeyd edib ki, bu gün soydaşlarımız ata-baba yurdlarına geri dönürlər. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə böyük abadlıq işləri görülür, Qarabağ gülüstana çevrilir.
Millət vəkilləri Elman Nəsirov və Müşfiq Cəfərov, AzTV akademiyasının rektoru, TAİB-in sədr müavini Telli Pənahqızı, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və şəhid Füzuli Hüseynovun qardaşı, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov isə çıxışlarında qeyd ediblər ki, Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümünü böyük sevinc və qürurla qeyd edir. Xalqımıza qələbə sevinci yaşadan şəhid oğullarımızdan miras qalan ailələri, övladları bizə, qədirbilən Azərbaycan xalqına əmanətdir. İkinci Qarabağ müharibəsi qazisi Məbud Əhmədov səhnədə mahnılar səsləndirib.
TAİB sədri Sudeif İmamverdiyev Vətənə Xidmətə görə medalları ilə təltif olunmuş Məbud Əhmədova və Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynova təşkilatın fəxri doplomunu təqdim edib. Tədbir quruluşçu rejissor Samir Qulamovun “Bir nəfəs qədər” tamaşasından səhnəciklə davam edib. Səhnəciyi Dövlət Akademik Musiqili Teatrının aktyorları canlandırıblar.
Tədbirin bədii-musiqili hissəsində görkəmli sənətkarımız Aybəniz Haşımovanın və onun rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri mahnılar ifa ediblər. Vətənpərvərliklə bağlı ard-arda səslənən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb. Sonda Aybəniz Haşımova və tələbələrinin ifasında “Vətəndən Pay olmayır” mahnısı səslənib və mahnının sədaları altında TAİB Gənclər Təşkilatının üzvləri tədbirdə iştirak edən şəhid analarına gül dəstələri hədiyyə edib və TAİB tərəfindən hər bir şəhidin adına hazırlanmış suvenirlər ailələrə təqdim olunub.
Zərintac Mayisqızı
Missiya.Az