AZ   |   RU
Zəfər bayramı - Təqvimimizin qızıl hərflərlə yazılmış tarixi

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan  Zəfər möhtəşəm və qürurludur. 


Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək "Dəmir yumruq" yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir. 


Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir.


Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. 


Azərbaycan Ordusunun qələbəsi tariximizi böyütdü, qətiyyətimizi artırdı. Bu xalqın hər bir təmsilçisinin köksünü dolduran, bizi birləşdirən, qürurlu edən qələbə ruhu ilə yeni bir başlanğıca qədəm qoyduq. 


Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda "Dəmir yumruq" kimi birləşdirdi. Elə-obaya, vətənin torpağına-daşına, suyuna, aranına-dağına sonsuz sevgi və məhəbbətimizi nümayiş etdirdi. Böyük Qələbə torpaq uğrunda gözünü qırpmadan özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu. Xalqımızın ölkə rəhbərinə olan sevgisini, inamını, etimadını daimi yaşadan Qələbə oldu. Zəfər günü Azərbaycan xalqının və dünya azərbaycanlılarının Müzəffər Ali Baş Komandana əbədi minnətdarlıq bayramıdır.  


8 noyabr 2020-ci il Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür.


Bu qələbə təkcə Ermənistan üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfərdir. 


Ölkə Prezidentinin yürütdüyü müdrik daxili və xarici siyasətin töhfəsi qalib, qüdrətli Azərbaycan oldu. Bu Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya - bizə dəstək olan və olmayan hər kəs Azərbaycanı qalib ölkə kimi tanıdı.


Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!


Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir. Xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasında mühüm rol oynayan Heydər Əliyev Fondu quruculuq işlərində yaxından iştirak edir. Vaqifin Şuşadakı məqbərəsinin bərpası, "Xarı-bülbül" festivalı, "Vaqif Poeziya Günləri", mədəni irsin bərpası artıq bu torpaqlarda insanlar üçün layiqli həyata, yeni bir başlanğıca doğru işıqlı yol deməkdir. Ölkəmiz indi regionun inkişafında, təhlükəsizliyində, sülh içində yaşamasında maraqlı olan hər kəsi inkişafa doğru səsləyir.


“Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.” – Prezident İlham Əliyev

 

Yusif Əliyev 

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi veteranı



  • 4-11-2024, 10:54