AZ   |   RU
Dönərdən zəhərlənmə halları niyə yaşanır? – AİİB sədrindən açıqlama


Dönərlər uşaqdan –böyüyə demək olar ki, hər kəsin sevimli ayaqüstü qidasıdır və qısa zamanda hazırlana bilir. Son zamanlar ölkəmizdə tez-tez dönərdən zəhərlənmə halları müşahidə edilir. Bu hallar nəinki paytaxt Bakıda, digər rayonlarımızda da yaşanır. Bəs səbəb nədir? Zəhərlənmə hadisələrinin qarşısını necə almaq olar?

Azad İstehlakçılar Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, dönərxanalarda zəhərlənmələr il boyu davam edir:

“Problemlər ondan ibarətdir ki, istehlakçı siyasəti ilə bağlı qanunlarda dəyişikliklər, tənzimləmələr aparılmalıdır. Digər bir səbəb qida təhlükəsizliyi agentliyinin qidanın keyfiyyət və təhlükəsizliyinə kifayət qədər nəzarət etməməsidir. Ona görə də Azərbaycan vətəndaşları ümumdünya göstəricisində heç də uzunömürlülər siyahısında deyil. Belə ki, 190 ölkə sırasında 115-ci sıradayıq. Statistikaya görə azərbaycanlılar apteklərdə, həkimlərdə daha çox olur. Bu o deməkdir ki, bizim qidalarımızda çatışmazlıqlar var. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyinin cəld yoxlama mexanizmi yoxdur. Dönərxanalardakı zəhərlənmələrin başqa səbəbləri isə hökumətin biznes qurumları üçün yaratdığı toxunmazlıq şəraitindən həmin qurumların sui-istifadə etməsidir. Ümumiyyətlə kim hansı bizneslə məşğul olursa dövlətə vergi verməlidir. İnsan sağlamlığı məsələsi arxa planda qalıb”.



Eyyub Hüseynovun sözlərinə görə, ətə vurulan ədviyyatlar da çox vaxt keyfiyyətsiz olur:

“Bilirik ki, dönərlər təkcə ətdən ibarət deyil. Mütəlif inqirdiyentlər qatılır məsələn mayonez.. Onun tərkibi, mənşəyi də şübhə altında olur. Mayonezlərin saxlanma şəraiti uyğun temperaturda olmalıdır. Ancaq görürük ki, onlar açıq şəkildə gətirilir, isti dönərxanalarda saxlanılır və zəhərli maddəyə çevrilir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə regionlarda at, eşşək, xəstəlikdən ölmüş heyvanların ətlərinin Bakıya daşınmasını ifşa edib. Amma nazirlik daha fəal iş aparmalıdır, çünki problem hələ bitməyib. Belə ətlərin realizə olunduğu məkanlardan biri də elə dönərxanalardır. Başqa məsələ də üstündən bir gün keçmiş dönərlərin insanlara təqdim edilməsidir. Ümumdünya göstəricisində zəhərlənmə ölkəmizdə 1400 dəfə az göstərilir. Statistika bir daha nəzərdən keçirilməlidir. Yalançı statistikaya son qoyulmalıdır”.


Zərintac Mayisqızı
Missiya.Az




  • 21-10-2024, 12:19