AZ   |   RU
Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Missiya.Az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

K.Donfrid Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı mövqeyimizi Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırıb. Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərinin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • 20-10-2021, 17:54