AZ   |   RU
Qızıl alarkən nələrə diqqət etməliyik?

 

Ölkəmizdə şad günlərdə, xeyir işlərdə qızıl almaq ən məşhur adət ənənələrdən biri hesab olunur. Heç təsadüfi deyil ki, xanımlar da daha çox qızıl hədiyyəsinə üstünlük verirlər. Toy mövsümlərində ailə həyatı quran zaman, nişan edərkən qızıl bazarında o ki var sıxlıq yaranır. Lakin bəzən saxta qızılların satışı ilə bağlı hallar müşahidə olunur. Bəs maraqlıdır, qızıl alarkən nələrə diqqət etməliyik? Günümüzdə hansı qızıllara daha çox üstünlük verilir?

Mövzu ilə bağlı satıcı Gülnar Əkbərova Missiya.Az-a açıqlamasında bildirib ki, qızıl alarkən ilk növbədə üzərindəki əyara diqqət yetirilməlidir.

“Vurulan əyar diqqətlə gözdən keçirilməlidir. Əyarın ümumiyyətlə olmaması və ya səliqəsiz vurulması malın saxta olduğunu göstərir. Qızıl saxta olduğu zaman əyar əyri yazıla, yaxud əyri vurula bilər. Ən sadə üsul isə qızılı yoxlatdırmaqdır. Qızılın keyfiyyəti metalın saflığına bağlıdır. İstehsal edildiyi ölkəyə görə dəyişən, müxtəlif əyarlarda olan qızıl növlərinin keyfiyyətini ilk görünüşdə hiss etmək mümkündür. Bundan başqa biz qızılın səthini cızaraq da onun həqiqiliyini və ya saxtalığını yoxlaya bilərik. Qızıl əgər saxtadırsa bu zaman cızıldıqdan sonra altında başqa metalın izi görünür”.

Gülnar Əkbərova qeyd edib ki, bu gün xaricdən gətirilən qızıllara daha çox üstünlük verilir, ən geniş yayılmış rəngləri ağ və sarı qızıldır:

“Ağ qızıl daha çox  parlaq, sarı qızıl isə isti tonda görünüşə sahibdir. Zövqlər müxtəlifdir, kim hansı rəngə daha çox üstünlük verirsə onu da alır.Qiymətləri isə hazırda stabildir. Ən çox 750, 585 problu qızıllara üstünlük verilir. Alıcılar toy dəsti olaraq daha çox 750 problu qızıllar alırlar. Ərəb qızılları da var, keyfiyyəti yüksək, qiyməti isə bahadır. 24K qızıl ən təmiz forma hesab olunur ”.

Müsahibimiz onu da vurğulayıb ki, növündən aslı olmadan hər bir halda sertifikaları və müştəri rəylərini nəzərə alaraq etibarlı bir satıcıdan alış-veriş etmək daha məqsədəuyğundur.

Leyla SƏMƏNDƏR
Missiya.Az

 

 

 




  • 5-08-2024, 17:08