AZ   |   RU
Bu gün Fəxrəddin Manafovun doğum günüdür

 

Bu gün Azərbaycanın xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. 

Missiya.Az xatırladır ki, o, 2 avqust 1955-ci ildə Xankəndidə dünyaya gəlib.

Bir müddət sonra Bakıya köçən sənətçi 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. O, 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirib.

Dahi sənətkar 1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor vəzifəsində çalışıb. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

"Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirmişdir.

Rus dilində çəkilmiş "Ölsəm, bağışla" filmi yazıçı təxəyülünün məhsulu deyil. Film real həyat hadisələri əsasında çəkilib. Film sonradan Azərbaycan dilinə dublyaj edilib.

"Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki..."- fikirləri isə "Təhminə" filminin ən məşhur sitatlarından biridir.

1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Biz də dəyərli sənətçimiz Fəxrəddin Manafovu təbrik edir, ona daim uğurlar arzulayırıq.

Leyla SƏMƏNDƏR
Missiya.Az






  • 2-08-2024, 11:16