AZ   |   RU
Ötən ay ölkə ərazisində normanın 4-6 misli qədər yağıntı düşüb


2024-cü ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub. Ötən ay ərzində orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

Missiya.Az 
APA-ya istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O bildirib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb. Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. İyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb. Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb.

Xidmət rəisi əlavə edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub.




  • 1-08-2024, 17:19