AZ   |   RU
Vyetnam mətbuatında VNA agentliyinin Şuşada keçirilən İkinci Qlobal Media Forumda iştirakı geniş işıqlandırılıb


Vyetnam kütləvi informasiya vasitələrində iyulun 20-22-də Azərbaycanın qədim Şuşa şəhərində keçirilən İkinci Qlobal Media Forumda bu ölkənin media nümayəndələrinin iştirakına həsr olunmuş məqalələr dərc edilib.



Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Vyetnamın ən böyük “VietnamPlus” elektron qəzetinin verdiyi məlumata görə, tədbirdə Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktor müavini Doan Thi Tuyet Nhungun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.


Məqalədə qeyd olunur ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı forumda 50 ölkədən 150 qonaq – informasiya agentliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və 80-dən çox dünya və regional kütləvi informasiya vasitəsindən olan jurnalistlər iştirak edib.

Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsinin müəyyən edilməsi”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya keçirilib. Diskussiyalarda media sahəsində ekspertlər, informasiya agentlikləri və digər kütləvi informasiya vasitələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri arasında bu sahələrdə fikir və təcrübə mübadiləsi aparılıb, deyə “Vietnam Law and Legal Forum” sahə jurnalının saytında dərc edilmiş məqalədə deyilir.


Nəşrdə Forum çərçivəsində Doan Thi Tuyet Nhung və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev arasında keçirilən görüşə xüsusi diqqət yetirilib.


Tərəflər dünya mətbuatının sürətli rəqəmsal transformasiyası, informasiya və yeni multimedia məhsulları mübadiləsinin genişləndirilməsi şəraitində feyk xəbərlər və dezinformasiya ilə mübarizədə VNA və AZƏRTAC arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı həmçinin agentliklər arasında səmərəli əməkdaşlığın iki ölkələr arasında ənənəvi dostluq və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyində əminlik ifadə olunub.


Məqalədə deyilir ki, görüşdə VNA və AZƏRTAC arasında əməkdaşlıq haqqında sazişin yenilənməsi barədə razılıq əldə edilib.


Azərbaycana səfəri çərçivəsində Doan Thi Tuyet Nhung Vyetnam Xəbər Agentliyinin tərəfdaşları olan bir sıra informasiya agentliklərinin nümayəndələri ilə də görüşlər keçirib.


İmzalanmış sazişlərin effektiv şəkildə həyata keçirilməsi və yenilərin bağlanması üzrə gələcək addımlar müzakirə olunub, deyə nəşrdə qeyd edilir.

 




  • 23-07-2024, 23:17