
“Təbliğat-100” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda media nümayəndələri ilə dəyirmi masa keçirilib.
Missiya.Az xəbər verir ki, 22 İyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini Məmməd Babayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Elnarə Hüseynova başlanğıcını “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gündən götürən milli mətbuatımızın inkişaf tarixinə nəzər salıblar.
Bildirilib ki, həmişə mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin mətbuatın inkişafı istiqamətində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sevindirici haldır ki, muxtariyyətinin 100-cü ilini böyük təntənə ilə qeyd etdiyimiz Naxçıvan mətbuatında milli jurnalistika ənənələri qorunub saxlanılır. Medianın ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətimizdə stereotiplərin aradan qaldırılması və məlumat mübadiləsinin aparılmasında mühüm rolu vardır. Həmçinin maarifləndirmə, informasiyanın yayımlanması sahəsində böyük imkanlara və geniş təsir imkanına malik olan media ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əlaqələri yüksələn xətlə inkişaf edir.
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının İctimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçisi Nəriman Nəcəfov 2024-cü ilin birinci yarımilində kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ailə, qadın və uşaq məsələləri ilə bağlı yayımlanan təbliğat materialları barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Komitə tərəfindən ailə, qadın və uşaq məsələlərinin təbliğində sıx əməkdaşlıq etdiklərinə görə bir qrup media nümayəndəsi diplomla təltif olunub.





Zərintac Mayisqızı
Missiya.Az