“Azərbaycanın Vətən Müharibəsində qələbəsi bəzi ölkələrin qısqancılığı ilə qarşılanır. Bu qələbə Azərbaycan xalqına qarşı kini, nifrəti olan dövlətlərin iç üzünü açmağa başlayıb. Ölkəmizə qarşı siyasi riyakarlığı ifşa olunan dövlətlərin başında İran İslam Respublikası gəlir. Adında “İslam” kəlməsi olan İranın siyasətində islam həmrəyliyinə uyğun heç nə yoxdur. Tarix boyu ermənipərəst siyasət yeridən molla rejimi Azərbaycanın inkişafını istəməyib, əksinə Ermənistana “dost və qardaş” deyib. Tehranın ermənipərəst siyasəti həm Vətən Müharibəsindən əvvəl, həm də sonra faktlarla sübut olunub. İran hakimiyyəti hansı islam dəyərlərindən danışa bilər ki, 30 ilə yaxın din qardaşları köçkün həyatı yaşadı. Amma İran bir dəfə işğalçıya etiraz ünvanlamayıb, Azərbaycan torpaqlarının boşaldılmasını tələb etməyib. İndi hansı əsasla regionda dəyişən güc balansına qısqanclıqla yanaşır və Azərbaycanın siyasətini tənqid edir?”
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov İranın Azərbaycana qarşı qərəzli və riyarkar siyasətindən, Ermənistana isə dost münasibətindən danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tehranın ötən əsrin 90-cı illərindən İrəvan üçün nəfəslik rolunu oynaması barədə etirafı, İranın Azərbaycana qarşı iki üzlü siyasətinin ifşasıdır: “Paşinyanın bu etirafı İrəvanla Tehranın əlaqələrinin nə qədər dərin olduğunu göstərir. Bəs İran dini və milli bağlılığı olmayan ermənilərə niyə bu qədər can yandırıb və indi də yandırmağa davam edir? Əminliklə deyə bilərəm ki, molla rejiminin Ermənistanla dostluğunun kökündə, onların Azərbaycan xalqına qarşı bəslədiyi ortaq düşmənçilik niyyətləri dayanır. Həmçinin danılmaz faktdır ki, İran həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində Ermənistan ordusunu din və əqidə qardaşları olan azərbaycanlıları öldürmək üçün silah və yanacaqla təmin edib. Hətta İkinci Qarabağ Müharibəsi zamanı İranın Ermənistana yardım etməsi, silah-sursat və yanacaq göndərməsinə aid təkzibolunmaz videokadrlar var. Faktlar var ki, İran Qarabağa qaçaqmalçılıq yolu ilə yanacaq daşıyır. Azərbaycan İrana bununla bağlı nota versə də, Tehran bütün xəbərdarlıqları qulaq ardına vururdu. Ölkəmiz İranın ərazi bütövlüyümüzə etdiyi hörmətsizliyə adekvat cavab verdi və Tehranı susdurmağı bacardı. İran hökuməti bilir ki, ermənilər onların göndərdiyi yanacağı tanklara töküb, müsəlmanlara atəş açır. Amma yenə də öz riyakar siyasətindən əl çəkmir. İranı dini əqidə və islam dəyərləri maraqlandırsaydı, işbazları Birinci Qarabağ Müharibəsindən sonra işğal altında olan torpaqlarımızdan müsəlmanlara aid evlərin daşını, damını söküb aparmazdılar, həmçinin İrəvanda və Şuşada Azərbaycan məscidlərini farslaşdırmazdılar. İran 30 il ərazində bir dəfə də olsun, Ermənistanın islam abidələrinə, məscidlərinə qarşı törətdiyi vandalizm aktlarını pisləməyib. Bu hansı dini əqidəyə sığar? Proseslərdən aydın olur ki, İranı dini əqidə, islam dəyərləri maraqlandırmır. Tehran yalnız Vətən Müharibəsindən sonra regionda yaranan yeni reallıqları qəbul etmək istəmir, Azərbaycanın artan nüfuzundan narahatdır”.
İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimləri “ucuz şou” adlandıran Ramin Əhmədov bildirib ki, Tehran torpaqlarımız işğal atında olduğu müddətdə Araz çayı boyunca hərbi təlim keçirməyib:
“Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə təzyiq göstərmirdi, təlimlər keçirmirdi? İndi niyə hərbi təlim keçirmək eşqinə düşüb? Axı, İran-Azərbaycan sərhəddi Qarabağ işğal altında olduğu müddətdə daha təhlükəli idi. Araz çayı boyunca işğalçıların təsiri altında olan bölgələrdə narkotik və silah qaçaqmalçılığı üçün münbit şərait yaranmışdı. Hazırda Azərbaycan ərazi bütövlüyün təmin edib. Həmin ərazilərdə Dövlət Sərhəd Xidmətinin postları qurulub. İndi həmin bölgə tam təhlükəsizdir. Təlimlər indi deyil, Azərbaycan torpaqları işğal altında olduğu zamanlarda keçirilməli idi. Bu günlərdə İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərin əsas məqsədi regionda “mən də varam” mesajı verməkdir. O ki, qaldı buradakı molla rejiminin “desantlarına”, onlar da bilsinlər ki, bu ölkədə hər hansı təxribatlara imkan verilməyəcək. Şərəfini, vicdanını itirmiş, din pərdəsi altında gizlənən, dövlətinə və xalqına xəyanət edən kəslər, mütləq bu ölkənin ədalət mühakiməsi qarşısında dayanacaqlar”.Missiya.Az