Cari ilin 3 iyul tarixində ŞƏT-in sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər etmişdir.
Xatırlatmaq istəyirəm ki, bu, ölkə rəhbərimizin ŞƏT-in Zirvə toplantısında ikinci iştirakıdır. İlk səfər 2022-ci ilin sentyabr ayında ŞƏT-in sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutmuşdur.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevi ŞƏT-in Zirvə toplantısına dəvət etməsi iki ölkə arasında inkişaf edən qardaşlıq münasibətlərinin göstəricisidir.
Bildirmək istəyirəm ki, ölkələrimiz arasında baş tutan səfərlər sıx xarakter daşıyır və bu səfər də son iki ildə Prezident İlham Əliyevin Qazaxıstana sayca dördüncü səfəridir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Eyni zamanda Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması təşkilatın üzv dövlətləri ilə əlaqələrinin genişləndirilməsi kimi qiymətləndirilir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında birgə əməkdaşlığın vacib sahəsini təşkil edir.
Azərbaycanın həm coğrafi mövqeyi, həm də mövcud nəqliyyat imkanları onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmiz Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəkdir. Hal-hazırda ötürücülük qabiliyyəti yüksək olan Orta Dəhlizin rəqəmsallaşması yönündə Azərbaycan tərəfdaş ölkələrlə birgə işləri sürətləndirir.
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında da mühüm rol oynayır. Artıq Şimal-Cənub dəhlizinin Azərbaycana düşən hissəsinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Bu istiqamətdə də yük daşımalarının həcminin artırılması üzərində işlər gedir.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı