AZ   |   RU
Nizami rayonunda şəhid mayor İlkin Rzayevin xatirə kompleksinin açılışı olub

Missiya Media Qrupu və YAP Nizami Rayon Təşkilatının növbəti birgə layihəsi

Nizami rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olmuş mayor  Rzayev İlkin Cəfər oğlunun şəhadət günündə yaşadığı binanın qarşısında xatirə kompleksinin açılışı olub.

Mərasim iştirakçıları öncə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ağac əkiblər.

Müdafiə Nazirliyinin Hərbi Orkestrı tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Fəxri Qaravul dəstəsi abidə önünə əklil qoyub.
Sonra bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib.

Tədbirdə şəhidin anası Balaxanım Rzayeva, qardaşı Rasim Rzayev, həyat yoldaşı Zeynəb Rzayeva, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, “Missiya.az” saytının baş redaktoru Nicat Dağlar həmçinin, döyüş yoldaşları, dostları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqəti mərkəzindədir.

Diqqətə çatdırılıb ki, mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990-1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alır.

2006-2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olub. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. O, təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Ölümündən əvvəl 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, eləcə də "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" orden və medalları ilə təltif olunub.

Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, xatirə kompleksi YAP Nizami rayon təşkilatının və Missiya Media Qrupun birgə dəstəyi ilə hazırlanıb.



  • 2-10-2021, 17:24