AZ   |   RU
Şəhid Turqut Xəlilbəylinin doğum günüdür



Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı? – Əlbəttə ki, yox…

İllər nə qədər keçsə də xalqımız, dövlətimiz öz şəhidlərini heç vaxt unutmur. Doğum tarixlərində, anım günlərində və digər əlamətdar günlərdə həmişə yad edilirlər. Həmçinin, onların əziz xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Hər bir vətəndaşımızın qəlbində onlar əbədi məskən salıblar.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylinin anadan olduğu gündür. Turqut Nadir oğlu Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. O, 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Şəhidimiz subay idi.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən T. Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Artıq suveren, ərazi bütövlüyü təmin olunmuş ölkədə yaşayırıq. Bu prezident, cənab Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti və güclü ordumuzun, şəhid oğulların sayəsində reallaşdı. Şəhidlərin ruhu bu gün şaddır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 4-07-2024, 10:01