AZ   |   RU
Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür


3 iyul - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant, "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri Koroğlu Rəhimovun anım günüdür.

K. Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində dünyaya gəlib.

O, 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olub. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad edib. 1992-ci ilin bu günündə Ağdərə uğrunda olan döyüşlərdə həlak olub. Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimiz haqqında 2 film ekranlaşdırılıb, bir neçə məqalə, kitablar nəşr edilib və şeirlər dərc olunub. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır

 Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmur. Şəhidlərin xatirələri həmişə yad edilir, adları əbədiləşdirilir. Onlar canlarını belə düşünmədən vətəni və xalqı üçün düşmənə qarşı mübarizə aparıblar. Cismən ölərək ölümsüzlük qazanıblar.

Ruhları şad olsun!

Zərintac Mayisqızı
Missiya.Az




  • 3-07-2024, 11:21