Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə onun qohumu Razim Qarayev məlumat verib.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.