AZ   |   RU
Qan azlığı hansı səbəblərdən yaranır? – Həkimdən açıqlama


Qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hala anemiya (qan azlığı) deyilir. Əksər insanlarda bu müşahidə edilir. Zaman – zaman həmin xəstəlikdən şikayətlənirlər. Təbii ki, anemiyanın əmələ gəlməsində müxtəlif səbəblər rol oynayır.

Hematoloq Mireldar Babayev Missiya.Az-a açıqlamasında bildirib ki, qan azlığı bütün yaş dövrlərində rast gəlinə bilir. Anemiya həm irsi xəstəliklərlə bağlı, həm də qazanılmış şəkildə olur:

“Azərbaycanda çox yayılmış talassemiya xəstəliyini misal çəkək. Sözügedən xəstəlikdən əziyyət çəkənlər üçün xarakterik olan əsas göstərici qan azlığının olmasıdır. Həmin xəstəliyin kökü ana bətnində olarkən formalaşır. Uşağın valideynlərdən aldığı xəstə gen körpə dünyaya gələndən sonra özünü göstərməyə başlayır. Balacalarda anadan olduqları ilk aylardan və ya 1 yaşın axırına yaxın ciddi anemiya müşahidə edilir. Daha sonra qan azlığı qazanılmış şəklində də ortaya çıxa bilir. Bu da ən çox körpə yaşlı uşaqlarda olur. Doğrudur, bütün yaşlarda bunu görürük. Amma kiçik yaşlardan qazanılmış anemiya ən çox dəmir mübadiləsinin pozulması ilə bağlı olur. Dəmir çatışmazlığı nəticəsində yaranır”.



Mireldar Babayev əlavə edib ki, sonradan da meydana çıxa biləcək xəstəliklər də anemiya ilə müşaiyət oluna bilir:

“Məsələn leykemiya (qan xərçəngi) xəstəliyinin ən xarakterik simtomplarından birincisi bəlkə də elə anemiyadır. Təbii ki, burda digər simtomplar var. "Aplastik anemiya" da mövcuddur ki, sümük iliyinin, qan yaranmasının yetməzliyi, yetkin olmamasıdır. Həmin vaxt qırmızı qan kürəciklərinin əmələ gələ bilməməsi səbəbindən üzə çıxacaq ilk simptom qan azlığı olur. Habelə hamilə qadınlarda da qan azlığı inkişaf edir. Bu xəstəlik kişilərdə də olur, amma statistika baxımından qadınlarda daha çox müşahidə edilir. Bəzən xanımlar kökəlməmək üçün ət və s. yemir, az qidalanırlar. Nəticədə yenə anemiya olur. Qan azlığı yaşlı dönəmlərdə mədə-bağırsaq problemlərindən də qaynaqlana bilir. Müayinə zamanı öncə anemiyanı yaradan səbəblərə baxırıq. Ondan sonra pasiyentin nələr etməsi lazım olduğunu söyləyirik. Hansısa xəstəliklərin nəticəsində yaranıbsa əvvəlcə bu xəstəliklər müalicə olunmalıdır”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 24-06-2024, 15:20