AZ   |   RU
Sədaqət Vəliyeva: Ermənistan dünyada uğursuz dövlət, “Failed state” kimi tanınır
 
“Ermənistan heç bir zaman məsuliyyətli dövlət olaraq üzərinə düşən vəzifələri yerinə yetirməyib. Keçmiş münaqişə müddətində hər zaman danışıqlar prosesini pozan tərəf Ermənistan olub. Ən mühüm məqamlarda Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə problemin tənzimlənməsi prosesindən yayınıb və qeyri-konstruktiv mövqe sərgiləyib. Heç şübhəsiz ki, məsuliyyətsiz ölkə olduğu üçün Ermənistan siyasi, iqtisadi və digər əməkdaşlıq istiqamətləri üzrə beynəlxalq münasibətlər sistemində tərəfdaş kimi çıxış edə bilməz. Məhz bu səbəblərdən Ermənistan dünyada uğursuz dövlət, “Failed state” kimi tanınır”.

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistanın dövlət olaraq ötən 30 il ərzində qlobal maraqlara xidmət edən işi olmayıb: “Əksinə, addımları, niyyətləri ilə dünyada faşizmin yeni ünvanı, terror dövləti   kimi imic qazanıb. Elə bunun göstəricisidir ki, Ermənistanın səriştəsizliyi və məkrli niyyətləri onun qaçılmaz məğlubiyyətinə gətirib çıxardı. Bu ölkədəki rejimlərin ümumi xüsusiyyəti odur ki, onlar xalq arasında dəstəyi məhz hərbi addımlar, işğalçılıq əməlləri ilə təmin etmək istəyirlər. Köçaryan da, Sarkisyan da bu tiplərdən olub. Görünür, Paşinyan da o yolu getmək istəmişdi. Xatırlayırıq ki, bir il öncə Azərbaycanın əraziləri hesabına yeni torpaqlar işğal etmək iştahasında olduqlarını bəyan edirdilər. Amma bu cür niyyətlərin sonunun nə olduğunu 44 günlük Vətən müharibəsi göstərdi. Ermənistan rəhbərliyi hesablamalarını çox səhv apardı, böyük xəta törətdi və bunun nəticəsində də acı məğlubiyyətə uğradı”.

“Əlbəttə ki, əgər ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, işğalçı ölkə də məcbur olub təcavüz etdiyi torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə də ehtiyac qalmazdı” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, münaqişənin hüquq müstəvisində həll olunmamasının səbəbi ikili standartlar və beynəlxalq riyakarlıq idi: “Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Lakin Ermənistana nə təzyiqlər edildi, nə də sanksiyalar tətbiq edildi. Amma beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupundan olan gözləntilər özünü doğrultmadı.

Hətta, Minsk qrupunun status-kvo ilə bağlı manipulyasiyaları vasitəçilik institutunun legitimliyini də sual altına qoydu. Ona görə də, istər müharibəyə qədərki, istərsə də müharibədən sonrakı müddətdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmədi. Ancaq hazırda münaqişə geridə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib. İndi  ATƏT-in Minsk qrupu bölgədə sülhün qorunması, möhkəmləndirilməsi işinə töhfə verə bilər. Əgər bu dəfə iradə nümayiş etdirib sülhə xidmət etsələr, bəlkə də bu institutla bağlı tarixdə müsbət akkordlar qalmış olar”.

  • 30-09-2021, 11:34