AZ   |   RU
“Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri” ilə bağlı beynəlxalq konfrans keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İstanbul Texniki Universiteti (İTU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) birgə təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Missiya.Az
 xəbər verir ki, 2 gün davam edəcək beynəlxalq konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək dəqiq elmlər sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsi olub. Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın əhəmiyyətinə toxunub, fundamental elmlərə dair tədqiqatların AzMİU-da prioritet istiqamətlərdən olduğunu qeyd edib.

Rektor bildirib ki, konfransa Azərbaycan və dünya alimləri tərəfindən böyük maraq var və bu platforma qlobal səviyyədə riyaziyyat, mexanika və tətbiqləri istiqmətində mövcud problemlərin aradan qaldırılması üçün mühüm əhəmiyyətə malikdir. Professor Gülçöhrə Məmmədova eyni zamanda konfransın AzMİU, RMİ və İTU arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmək hədəfinə sürətlə yaxınlaşdığını deyib. Rektor çıxışı zamanı konfransın nəticələrinin beynəlxalq indeksli jurnallara təqdim olunmasında göstərdiyi dəstəyə görə Humboldt mükafatı alan ilk azərbaycanlı, hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində çalışan professor Məsud Əfəndiyevə öz minnətdarlığını bildirib və alimlərimizin qlobal arenadakı uğurlarının elmimiz üçün böyük motivasiya mənbəyi olduğunu qeyd edib. Son illər beynəlxalq konfranslara universitetimiz tərəfindən xüsusi diqqətlə yanaşıldığı və alimlərin impakt faktorlu jurnallarda nəşrlərinin realizasiyasında müsbət dinamika yaşandığını diqqətə çatdıran Gülçöhrə Məmmədova bu məqsədlə beynəlxalq konfranslarda iştirakın AzMİU üçün əsas prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Çıxışının sonunda həmtəşkilatçılara təşəkkür edən rektor dünya alimləri ilə birgə diskussiyaların aparılmasının elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov, İTU-nun Şimali Kipr filialının rektoru professor Murat Sarı davam etdirərək dəqiq elmlərin ölkədə inkişaf etdirilməsinin və dünya təcrübəsindən yararlanmağın önəmini qeyd ediblər. Plenar iclaslarda dünya şöhrətli riyaziyyatçı alim professor Məsud Əfəndiyev, dünyada mexanika və aerokosmik mühəndislik sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, uzun müddət Avropa Riyaziyyatçılar Cəmiyyətinin sədri olan Pavel Eksner və digər alimlərin məruzələri dinlənilib. Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam etdirib.

Qeyd edək ki, konfransa dünyanın qabaqcıl 21 ölkəsindən, o cümlədən Türkiyə, Böyük Britaniya, İtaliya, Çin, Hindistan, Rusiya, Qazaxıstan və Ukraynadan nüfuzlu alimlərin ən son elmi naliyyətlərinə dair 100-dən çox elmi məqalə təqdim olunub.

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-06-2024, 15:29