AZ   |   RU
“Paşinyanı devirmək üçün cəmiyyəti ayağa qaldırmağa çalışırlar”- Politoloq

 

Ermənistanda baş verən son hadisələr ümumilikdə burada daxili auditoriyanı qızışdırmaq və narazı kütlə yaratmaq məqsədi daşıyır. Keşiş Baqratın arxasında Paşinyan hökumətinə qarşı olan  qüvvələrin bir çoxu cəmləşib.

 

Bu fikirləri Missiya.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib.

 

O bildirib ki, indiyə qədər Ermənistan ictimai-siyasi həyatında görünməyən, bu ölkənin ictimai-siyasi rəyi üçün heç nə ifadə etməyən bir keşişin birdən-birə etiraz aksiyalarına start verməsi əslində hadisənin nə qədər təhlükəli olduğunu göstərir:

 

“Artıq “Vətən naminə Tavuş” hərəkatının rəhbərlərindən olan Qurgen Melikyan arxiyepiskop Baqrat Qalstanyanı Ermənistanın baş naziri kimi gördüyünü bildirir. Bu da özlüyündə çox təhlükəli məsələdir. Nikol Paşinyanı vəzifəsindən devirmək üçün Ermənistanda ciddi formada cəmiyyəti ayağa qaldırmağa çalışırlar. Hazırkı vəziyyətdə Paşinyan ciddi sınaq qarşısındadır. Bəllidir ki, Ermənistanın daxilində xarici güc faktorlarının oyuncağına çevrilmiş marionet dairələr var. Onlar isə vəziyyəti daha da qəlizləşdirməyə, Ermənistanın destabilliyinə nail olmağa, bu ölkənin yenə də dalan vəziyyətinə düşməsinə çalışırlar. Paşinyan hakimiyyətinin əlində kifayət qədər resurs və imkanlar var. Onlardan istifadə etməklə hakimiyyət vəziyyəti öz xeyrinə dəyişdirə bilər”.

 

Politoloqun sözlərinə görə,  etiraz edənlərin həbsi də göstərir ki, bu sayaq aksiyalar Paşinyana hələlik ciddi şəkildə təhlükə yarada bilmir. Sadəcə əsas problem aksiyaların arxasında xarici güclərin dayanmasıdır. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 29-05-2024, 16:31