Mayın 26-da abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçiriləcək. Bir məqam var ki, abituriyentlərin əksəriyyəti imtahandan əvvəl və həmin zaman qorxu, həyəcan stress keçirirlər. Bəs buna səbəb nədir? İmtahana düzgün hazırlıq prosesi necə olmalıdır?
Missiya.Az-a açıqlama verən psixoloq Aida Sübhan bildirib ki, ümumiyyətlə, ölkəmizdə abituriyentlərlə psixoloji hazırlıq çox aparılmır.
“Bu da onunla bağlıdır ki, imtahan həyəcanlı bir proses kimi nəzərdə tutulur. Həyəcan amili də diqqəti yayındırır deyə, abituriyent ilboyu çox hazırlaşsa da effektiv nəticəni göstərə bilmir. Bu səbəbdən düşünürük ki, necə ki, təhsil ilin əvvəlindən başlayır, abituriyentlərin psixoloji hazırlığı da eyni formada, paralel təlimlə aparılmalıdır”.
Psixoloq qeyd edib ki, bu gün müəllimlərin də bəzən uşaqları motivasiya etməsi işə yaramaya bilər.
“Çünki elə abituriyentlər var ki, onlarda panik atak, həyəcan faktoru müşahidə edilir və kəskinləşir. Bununla əlaqədar onlar imtahana girərkən yüngül nevroza bənzər əlamətlər yaşayırlar. Bu halların qarşısını almağın ən yaxşı yollarından biri idmanla, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək və s. bu kimi üsullardır”.
Sözsüz ki, valideyinlər də bu mövzuda böyük əməyi olmalıdır. Belə dönəmlərdə imtahan verəcək uşağı təzyiqə məruz qoymamağa diqqət etməlidirlər. Ən əsas nüanslardan biri də valideyinlərin övladlarına inamını göstərməsidir. Belə olan halda, istənilən abituriyent imtahanda sağlam psixologiya ilə iştirak edib, uğurlu nəticə əldə edə bilər.
Leyla SƏMƏNDƏR
Missiya.Az