AZ   |   RU
Boşanmaların səbəbi nədir?

 

Azərbaycanda boşanmaların sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk ayı ərzində 1729 boşanma faktı qeydə alınıb. Ölkəmizdə gündən-günə artan boşanmaların səbəbləri müxtəlifdir. Bəzi şəxslər boşanmların günahını qadınlarda, bəziləri isə kişilərdə görür, lakin nəticə isə eynidir.


Bəs maraqlıdır, boşanmalara əsas səbəb nədir?

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov Missiya.Az-a açıqlamasında bildirib ki, boşanma problemi bizi daim narahat edən məsələlərdən biridir: 

 

“Son illər boşanma hallarının artmasının səbəbi birinci növbədə ailədə yaşanan zorakılıq faktlarının mövcudluğu, ailədaxili şiddət və psixo-sosial problemlər ilə bağlıdır. Ailədə yaşanan zorakılıq faktlarının qurbanları da əksər hallarda xanımlar və uşaqlar olur.  Psixoloji problemlər kənar şəxslərin müdaxiləsi, ailə üzvlərinin, yəni cütlüyün bir-birini eşitməməsi, ya da hansısa bir problemin həllində öz mövqeyində dayanması və digər problemlərdən ibarətdir. Sonda bu problemlər boşanma ilə nəticələnir. Təəssüflər olsun ki, sosial şəbəkələrin də müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də olur. Bu ünsiyyət forması ailə üzvlərinin bir-birindən uzaqlaşmasına gətirib çıxarır və əksər hallarda ailənin dağılmasına səbəb olur”.

 

Mütəxəssisin sözlərinə görə, əsasən ailə üzvlərindən birinin narkotik vasitədən, yaxud spirtli içkilərdən istifadə etməsi də boşanmanın əsas səbəblərindən biridir:


“Bu kimi halların qarşısını almaq üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müxtəlif   tədbirlər, bir sıra görüşlər keçirir. İlk növbədə ailə qurmaq istəyən gənclərlə və yeni ailə qurmuş şəxslərlə fərdi görüşlər aparılır və onlara problemlə rastlaşan zaman bu problemi necə və hansı qaydada da  həll etmələri barədə məlumat verilir”. 


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 23-05-2024, 15:35