
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri həm ölkəmiz, həm də Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutdu və Amerika lideri həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanı da Azərbaycanla danışıqlar aparmaq üçün Ağ Evə dəvət etdi. Ötən gün bütün dünyanın diqqət mərkəzində olan Ağ Evdəki üçtərəfli görüş səmərəli keçdi və bir çox mühüm sənədlərə imza atıldı.
Həmin sənədlərdən biri ATƏT-in Minsk qrupunun ləğv edilməsi idi. Azərbaycan uzun müddətdir ki, Ermənistanla sülh müqaviləsinin bağlanması üçün vacib şərtlərdən biri kimi Minsk qrupunun buraxılmasını tələb edirdi və Vaşinqtonda baş tutan görüşdə Rəsmi Bakı istəyinə çatdı.
Digər mühüm məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır ki, Azərbaycan 44 günlük müharibənin bitməsindən indiyədək, həmin yolun açılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi tələb etməsinə baxmayaraq, rəsmi İrəvan bundan boyun qaçırırdı. Ancaq Vaşinqtondakı görüş zamanı dəhlizin açılması ilə bağlı razılıq əldə olundu və yolun təhlükəsizliyi 99 il müddətinə Amerika şirkətinə verildi. Bununla Azərbaycan Naxçıvana maneəsiz gediş-gəliş imkanı qazandı.
İlham Əliyevlə Donald Tramp arasında baş tutan görüş zamanı isə 907-ci düzəlişin ləğvi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. 907-ci düzəliş erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi. Hərçənd ki, 2001-ci ildə ABŞ -nin keçmiş Prezidenti Corc Buş 907-ci düzəlişi dondursa da, 2023-cü ildə ermənipərəst mövqeyi ilə daima diqqətçəkən Bayden və onun administrasiyası 907-ci düzəlişi yenidən gündəmə gətirdi. Və bundan sonra ABŞ və Azərbaycan arasında strateji sazişin imzalanması üçün ABŞ Senatı çox ehtimal ki, 907-ci düzəlişin birdəfəlik üstündən xətt çəkəcək.
Bütün bunlara nəzər saldıqda açıq-aydın görmək mümkündür ki, Trampın vasitəçiliyi ilə Ağ Evdə baş tutan görüşdə Azərbaycan istədiklərinə nail olub və qalıb yekun sülh müqaviləsinin imzalanması. İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi lazımdır və Rəsmi Bakı dəfələrlə bunu İrəvandan tələb edib. Paşinyan bundan öncəki çıxışlarında bu mövzuya toxunaraq ölkə konstitusiyasının dəyişiləcəyinə eyham vurub. Çox ehtimal ki, gələcək zaman ərzində Ermənistan Konstitusiyası dəyişdiriləcək və iki ölkə arasında yekun sülh müqaviləsi imzalanacaq.
44 günlük savaşdan sonra regionun gedişatını dəyişdirən Prezident İlham Əliyev bu günə kimi verdiyi bütün vədləri reallığa çevirməyi bacardı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, Rusiya sülhməramlılarını Qarabağdan çıxardı və Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi sözü reallığa çevirdi. Hərçənd ki, çoxları buna inanmırdı, ancaq Ali Baş Komandan zamanı gözlədi və istədiyinə nail oldu. Çünki O, hər zaman deyib “hər şeyin necə olacağını mən çox yaxşı bilirəm”. Qısası, İlham Əliyev Azərbaycan xalqına döyüşdə qazandırdığı qələbələr kimi indi də diplomatiya masalarında yeni-yeni zəfərlər qazandırmağı bacaran sərkərdədir.
Daşqın Həsənov
Missiya.Az