Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.
Missiya.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərara əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla), hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət hərbi-həkim komissiyalarına həvalə olunur.
İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən birlikdə işlənib hazırlanır.
Fərqlənmə ilə verilən hissələr əsasnaməyə əlavə olunanlardır.
Qərarla ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir.
Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə olunur.
İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra –tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.