AZ   |   RU
Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.



İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.



Dövlətimizin başçısı görüşdə çıxış edib.


İlk öncə Prezident İlham Əliyev döğma Şuşaya qayıdan şuşalıları təbrik edib: “Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz.Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.



Dövlətimizin başçısı çıxışında vurğulayıb ki,” Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər.



 Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. 



Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq”.

Azərbaycan Prezidenti bu günkü tarixin hamımız üşün ikiqat  bayram günü günü olduğunu bildirib və söyləyib ki, “Bugünkü bu bayram günü - mənim üçün və hamımız üçün ikiqat bayram günü bir daha onu göstərir ki, biz sülhsevər, biz qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal guya orada aparılmış təmiri ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. 


Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

 


Ruhəngiz Heydərova 
Nizami rayonu 238 saylı məktəbin direktor müavini



  • 11-05-2024, 23:04