AZ   |   RU
QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 20 sentyabr 2021-ci il tarixində 400-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə ictimai müzakirə keçirib.

Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müzakirəni giriş sözü ilə açaraq qurumun ilk qrant müsabiqəsinin mövzularının QHT-lərlə geniş müzakirəsinin əhəmiyyətini vurğulayıb. “O bildirib ki, QHT-lər hansı mövzuları prioritet hesab edirlərsə, hansı mövzular ictimai baxımdan daha çox əhəmiyyət kəsb edirsə, bunu Agentliyə bildirsinlər. Biz qeyd olunan mövzuları qrant müsabiqəsinin əsas istiqamətlərinin yekun müzakirəsində nəzərə alaq”.

Eyni zamanda Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Əvəz Həsənov və Zaur İbrahimli çıxış edərək kiçik qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərin müzakirəsinin QHT-lər üçün əlverişli mühitin yaradılmasında və Agentliyin fəaliyyətində QHT-lərin iştirakçılığının artırılması istiqamətində mühüm rol oynadığını vurğuladılar.

Sonra QHT təmsilçiləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə təkliflər irəli sürdülər. Təkliflər arasında milli maraqların qorunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması, işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsi, milli mənəvi dəyərlərin qorunması, regionlarda sahibkarlığın inkişafı, COVİD-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin aparılması, uşaq hüquqları ilə bağlı hesabatların hazırlanması, şəhid ailələrinə və qazilərə qayğının artırılması, korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində təşəbbüslərin göstərilməsi, narkomaniya ilə mübarizə və digər mövzular səsləndirildi.

Sonda V.Quliyev çıxış edərək müzakirələrdə öz fikirlərini səsləndirmək imkanı olmayan QHT-lərin bütün təkliflərinin elektron poçt vasitəsilə toplanacağını, onların bir daha nəzərdən keçirilərək yaxın zamanlarda kiçik qrantlar müsabiqəsinin elan ediləcəyini bildirdi.



  • 20-09-2021, 19:42