AZ   |   RU
“Hər bir halda Prezidentimizə və Dövlət siyasətinə güvənməliyik” - Ramin Əhmədov

 
“Vəssalam! Azərbaycanın uğurlarını gözü götürməyən içimizdəki xainlərin, adını müxalifət qoyub, tarixi qələbələrimizə kölgə salmağa çalışan xisləti çirkabla mayalanmış xainlərin daha bir “nooldu?” sualına birdəfəlik son qoyuldu”.

Missiya.Az
xəbər verir ki, bunu Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov   Rusiya sülhməramlı qüvvələrinin Qarabağı tərk etməsi ilə bağlı özünün Facebook səhifəsindəki paylaşımında vurğulayıb.

R.Əhmədov paylaşımında daha sonra qeyd edib:

“Hamının tanıdığı xainlər II Qarabağ müharibəsində əldə etdiyimiz zəfərdən sonra Xankəndi, Xocalı ermənilərə verildi” deyib həyasızlıq elədilər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş antiterror tədbirləri nəticəsində separatçıların tifağı dağıdılanda erməni təəsübü çəkməyə başlayıb, hayların guya zorla qovulduğunu iddia edən xarici qüvvələrlə həmrəy oldular. Bu əməlləri də xalqımızda özlərinə qarşı ikrah hissini artırmaqdan başqa heç bir nəticə vermədi. Sonra başladılar Rusiya sülhməramlıları məsələsilə “xaltura” eləməyə. Guya ki, ruslar Qarabağda əbədi qalacaqlarmış. Budur, rusların ərazilərimizdən çıxarılması prosesi başlayıb. Məsələ artıq rəsmən təsdiqlənib də.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Rusiya tərəfi də sülhməramlıların çıxarılmasına başlanıldığını RF prezidentinin köməkçisi Dmitri Peskovun dili ilə təsdiq edib. Prosesi təsdiq edən videogörüntüləri də yəqin ki, hamınız görmüsüz.  

Bu tarixi fakt bir daha hər bir Azərbaycan vətəndaşına bir həqiqəti aydın etməlidir: Dövlətə, Prezidentimizə, Dövlətin yürütdüyü siyasətə, qurduğu xarici əlaqələrə, diplomatik gedişlərə, detalları açıqlanmayan danışıqlara , bəzən də suallar doğuran davranışlara belə sadəcə güvənmək lazımdır. Səbr etmək və atılan addımların  mütləq xeyir gətirəcəyinə inanmalıyıq. Baxın, dünyanın çalxalandığı bir vaxtda Azərbaycan dövləti qurduğu xarici əlaqələrin, zamanında doğru müəyyən edilən xarici siyasi kursun və tərəfdaşlıq siyasətinin bəhrəsini görür. Odur ki, hər birimiz bu günə qədər inanılmaz hesab edilən hər nə varsa hamısının reallaşması gerçəkliyinə söykənərək Dövlətimizin atdığı addımları dəstəkləməli, Prezidentimiz ətrafında birliyimizi daha da möhkəmləndirməliyik.

Elcan
Missiya.Az



  • 17-04-2024, 17:16