Azərbaycan Milli Konservatoriyasının məzunları Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə təmin olunacaqlar.
Missiya.Az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi arasında görüşdə məlum olub.
Naxçıvan Dövlət Universitetinin (NDU) çox ciddi platforma olduğunu deyən səlahiyyətli nümayəndə F.Nəcəfli bu potensialdan geniş istifadə olunması üçün mühüm addımlar atıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, 11 prioritet istiqamət üzrə icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin fəaliyyət imkanlarının genişləndirilməsi də əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Ali təhsil ocağı üçün yeni tədris korpusu tikiləcək, ingilis dilində tibb ixtisası üzrə tədris imkanları yaradılacaq.
S.Kərimi Naxçıvanın mədəni həyatında baş verən inkişaf proseslərini yüksək dəyərləndirərək bu prosesdə fəal iştirak etmək istədiklərini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə Naxçıvan Dövlət Universiteti ilə ilkin müqavilə imzalanıb. Razılaşmaya əsasən Milli Konservatoriyanın məzunları Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə təmin olunacaqlar. Eyni zamanda qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılacaq.
NDU ilə birgə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı böyük bir layihə üzərində işlədiklərini bildirən S.Kərimi vurğulayıb ki, budəfəki səfər çərçivəsində əməkdar artist, məşhur cazmen Emil Əfrasiyabla birlikdə ali təhsil ocağının yaradıcı kollektivləri ilə görüşlər keçirilib, ustad dərsləri təşkil olunub, mövcud potensial yüksək qiymətləndirilib.