AZ   |   RU
Konqo ilə Azərbaycan arasında strateji əməkdaşlıq üçün çox gözəl zəmin var


Cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri oldu. Bu səfəri tarixi səfərdə adlandıra bilərik. Çünki tarixdə ilk dəfə idi ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edirdi.

Səfər çərçivəsində Əməkdaşlıq haqqında imzalanan Bəyannamə münasibətlərimizin gözəl başlanğıcı və təməli hesab oluna bilər. Bu sənəd iki ölkə arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcək istiqamətdir. Həmçinin, gələcəkdə ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün də güclü zəmin yaradacaqdır. Təkbətək və geniş tərkibdə keçirilən görüş və birgə mətbuat konfransında bir çox mühüm məsələlər ətrafında müzakirələr aparıldı.

Əlbətdə ki, Konqo və Azərbaycan siyasi məsələlərdə də bir-birinə beynəlxalq arenada öz dəktəyini verir. Biz bu dəstəyi əsasən BMT və Qoşulmama Hərəkatı çərçivəsində görürük. Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il Azərbaycan sədrlik etmişdi. Həmin illər ərzində Azərbaycanın bütün təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdi.

Azərbaycanın sədrliyi dönəmində Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları və Bakı Təşəbbüs Qrupu yaradılmışdı. Bütün bunlar Qoşulmama Hərəkatını əvvəlki dövrlərə nisbətən daha güclü etmişdi.

BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının 121 üzvü var. Hərəkatın gücünü düşünsək təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması üzvlərin marağındadır və bu istiqamətdə işlər görülməkdədir. Azərbaycanın Hərəkata sədrliyi dövründə əsas prioritetlərdən biri də neokolonializmə qarşı mübarizə məsələləri olmuşdu.. Hal-hazırda dünyamızda neokolonializmlə mübarizəyə ciddi ehtiyac var və bu məsələni hər zaman gündəmdə saxlamaq vacibdir. Burda əsas məqsəd müasir dövrdə olan müstəmləkiçiliyin yeni təzahürlərinə qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Çünki hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqlar var və onların hüquqlarının qorunması önəmlidir.

Bu görüş onu göstərir ki, Konqo və Azərbaycan arasında strateji əməkdaşlıq üçün çox gözəl şərait var. Səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi, kənd təsərrüfatı, bərpaolunan enerji və mədən sahəsində gələcək əməkdaşlıqlar və perspektivlər barədə də geniş müzakirələr aparılmışdı.

 

Eldəniz Zeynalov

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı



  • 5-04-2024, 21:57