Yeni övlad sahibi olan anaları uşaqları ilə bağlı narahat edən bəzi məqamlar olur. Belə məqamlar səbəbindən biri kimi tez-tez analardan “körpəmin başı bədəninə nisbətən isti olur, niyə belə olur?” kimi sözlər eşidirik. Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən pediatr Aytən Bağırova bildirib ki, uşağın başının isti olması normal haldır:
“Əgər termometriniz normal bədən temperaturunu göstərirsə, amma siz yenə də “bəs niyə axı başı istidir”deyib narahat olursunuzsa, izahını verim. Baş ona görə isti olur ki, qan dolaşımı burada çoxdur. Başdakı duyğu üzvləri- beyin, üzün dərisi və s. çox güclü qan təchizatına malikdir. Böyüklərdə də, uşaqlarda da. Əlbəttə qan istidir və axdığı yeri də isidir.Uşaqlarda mübadilə prosesi daha sürətli getdiyindən başdakı istilik daha çox hiss olunur. Onların ürək vurğusu da çox olur və uyğun olaraq vahid zamanda başa gələn qan da çox olur. Çünki uşaq sürətlə inkişaf edən varlıqdır, bu səbəbdən də belə olmalıdır”.
Həkimin sözlərinə görə, bədən böyüdükcə aşağı ətraflarda və bədəndə damarlar genişlənir və istilik az hiss olunur:
“Bəs niyə başa qan çox gəlir? Çünki burada beyin və duyğu neyronları, yəni sinir hüceyrələri yerləşir, onlar isə digər hüceyrələr kimi yenilənmək qabiliyyətinə malik deyil. Başın qanla daha çox təchizatına başqa bir nümunə səpkilərin ilk olaraq üzdə, başda görülməsidir”-deyə həkim əlavə edib.
Leyla SƏMƏNDƏR
Missiya.Az