AZ   |   RU
Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq keçirilib - FOTO


Azərbaycanda quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, monitorinq epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib. Qeyd olunan ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ovlanmış 61 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şabran, Lənkəran, Xızı, Ucar, Neftçala, Siyəzən, Hacıqabul və Cəlilabad rayonlarındakı 12 sənaye əsaslı quşçuluq müəssisəsindən 120 baş, habelə Bakı şəhəri, Abşeron, Astara, Xızı, Lənkəran, Siyəzən, Şabran, Neftçala, Salyan və Ağcabədi rayonlarına aid ümumilikdə 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 540 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.



  • 1-04-2024, 17:41