AZ   |   RU
Unutqanlığı aradan qaldırmağın yolları


Günümüzdə yaddaş problemi demək olar ki, çoxumuzu narahat edir. Əsasən unutqanlıq insan qocaldıqca baş verir. Lakin artıq gənclərin əksəriyyətində də bu hal müşahidə olunur.

Mütəxəssislər yaddaş pozğunluğunu əsasən, yanlış qidalanma, oksigen çatışmazlığı, beyni həddindən artıq informasiya ilə yükləmək, düzgün olmayan rejim, doyunca yatmamaq, siqaret, spirtli içkilər və stress kimi amillərlə əlaqələndirirlər.

Öncə unutqanlığı aradan qaldırmağa yardımçı olan bəzi qidalara nəzər salaq, hansı ki onlar təbii vasitələrdir:

Omeqa-3; Yaşıl yarpaqlı tərəvəzlər; Kələm, ispanaq və brokkoli; Qoz, Fındıq və Yerfındığı; Balqabaq toxumu - Çox sağlam bir çərəz olan balqabaq tumu maqnezium, dəmir, sink və mis baxımından zəngindir. Sink çatışmazlığı Alzheimer və depressiya kimi xəstəliklərə səbəb olduğu üçün gündəlik az miqdarda istehlakı məsləhətdir; Darçın; Yumurta; Meyvələr; Qatıq və s.

Amma unutmayaq ki, hər şeyin çoxu ziyan gətirir. Ümumiyyətlə bütün qidaların qədərində yeyilməsi məsləhət görülür.

Yaddaşı gücləndirməyin digər yolları da var. Onların bəzilərini təqdim edirik:


1. İnsanların əksəriyyətinin yaddaşı, zəkası səhərlər, bir çoxlarının isə günortadan sonra yaxşı işləyir. Siz beyninizin nə zaman daha yaxşı çalışdığını özünüz təyin edin, zamanınızı doğru dəyərləndirin;

2. Ali təhsil alın, lakin həddindən çox elmin arxasınca getməyin. Çünki insan beyninə istirahət də lazımdır. Necə ki, qidalar kimi, digər məqamlarda da hər şeyin çoxu zərər gətirir;

3. Sizə gərəkli ola biləcək işlərin qeydiyyatını tutun;

4. İntellektual verilişlərə çox baxın, krassvord həll edin. Zəkanızı işlədəcək məşğələlərlə vaxtınızı keçirin;

5. Yaradıcılıqla məşğul olmaq da insanın zəkasını artırır;

6. Klassiklərin musiqilərinə qulaq asın;

7. Hər gün idmanla məşğul olun;

8. Rəsm çəkməyə çalışın. Elə edin ki, düşüncələrinizi kağıza köçürə biləsiniz və s.

Zərintac Mayisqızı
Missiya.Az




  • 28-02-2024, 10:50