AZ   |   RU
Bu gün Ərdoğanın 70 yaşı tamam olur


26 fevral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür.


Missiya.Az-ın məlumatına görə, Ərdoğan 1954-cü ilin 26 fevral tarixində İstanbulun Qasımpaşa bölgəsində doğulub.


1965-ci ildə ibtidai məktəbi bitirib, 1973-cü ildə lisey məzunu olub. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində alıb.


1976-ci ildən siyasətə qoşulub və Milli Səlamət Partiyası Bəyoğlu Gənclər şöbəsinin sədri seçilib. Daha sonra partiyanın İstanbul vilayət başçısı seçilib.


1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirib. Hərbi xidmətdən döndükdən sonra özəl şirkətlərdə çalışıb.


Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən,1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçilib. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olub.


1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürüb. Bu seçkilərdə limiti aşan Rifah Partiyasından  Ərdoğan da millət vəkili olub. Lakin Yüksək Seçim Qurumu müxtəlif bəhanələrlə onun deputat mandatını ləğv edib.


27 mart 1994-cü ildə keçirilən seçkilərdə Ərdoğan İstanbul Bələdiyyəsinin sədri seçilib. 1998-ci ilə kimi bu vəzifədə çalışıb.


14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfdarları ilə birgə Ədalət və İnkişaf Partiyasını (AKP) yaradıb və qurumun sədri seçilib.


AKP 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq, təkbaşına Türkiyədə iqtidara gəlib. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilib.


O, 2003-cü ildə Türkiyədə 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olub.


Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayanıb, kəskin inflyasiyanın qarşısı alınıb. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxarıb.


Eyni zamanda siyasi sahədə də Türkiyə fərqli siyasi xəttə keçib.


28 avqust 2014-cü ildə Ərdoğan Türkiyə prezidenti seçilib.



24 iyun 2018-ci il tarixində Ərdoğan ikinci dəfə, 2023-cü ilin may ayının 28-də isə üçüncü dəfə Türkiyə Cümhuriyyətinin dövlət başçısı seçilib.

 



Daşqın Həsənov
Missiya.Az



  • 26-02-2024, 11:05