AZ   |   RU
TAİB və NDU birgə konfrans keçirdi - “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan 100” - FOTOLAR

Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in birgə təşkilatçılığı ilə “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan 100” adlı konfrans keçirilib.

Konfrans başlamazdan əvvəl  iştirakçılar Naxçıvan şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyaraq,ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyinə gedən qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Qonaqlara Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Konfrasda tərkibində Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü,professor Musa Qasımlının da olduğu Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in nümayəndə heyəti,NDU-nun müəllim və tələbələri,Naxçıvan ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamını muxtar respublika tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Rektor Naxçıvanın ölkəmizin tarixində, eləcə də ictimai-siyasi, elmi-mədəni həyatında rolunu xüsusilə qeyd edib.

Konfransda TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev “Ulu öndər Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq yolu”  mövzusunda çıxış edərək bildirib ki,Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrü bütün ölkə üçün müstəsna əhəmiyyət daşıyan bir sıra siyasi qərarların qəbul edilməsi ilə yadda qalan olub.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı “Azərbaycanın ərazi bütövlüyünün qorunmasında və dövlət müstəqilliyinin bərpasında Naxçıvanın yeri: tarixi hadisələrin müqayisəli təhlili”, AMEA-nın “Türk xalqlarının etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu  “3 oktyabr 2009-cu il tarixinin Türk dünyası üçün önəmi: Naxçıvan Bəyannaməsi” mövzusunda çıxış ediblər.
Konfransda Türk Ağsaqqalları İctimai Birliyinin 2023-cü il “Heydər Əliyev ili”ndəki fəaliyyətini əks etdirən,Missiya Media Qrupu tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

Sonda NDU rəhbərliyi TAİB nümayəndərinə ali təhsil ocağının fəxri fərmanlarını təqdim edib.Akademik Sudeyif İmamverdiyev isə universitetin rəhbərliyinə və öz sahələrində xüsusi fərqlənən şəxslərə TAİB-in xatirə plaketini təqdim edib.
Tədbir universitetin İncəsənət fakültəsinin hazırladığı konsert proqramı ilə davam edib.






  • 21-02-2024, 22:11