AZ   |   RU
Prezident İlham Əliyev Münxendə Banqladeşin Baş naziri ilə görüşüb - YENİLƏNİB



Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.

Missiya.Az xəbər verir ki, Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul etdi.

Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulandı.

Ölkələrimizin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.



  • 17-02-2024, 19:44