AZ   |   RU
Aİ Azərbaycanı orta güc və qlobal gündəliyə təsir imkanlarına malik olan dövlət kimi qəbul edir


Azərbaycanın xarici siyasəti xüsusən son iki ayda bir sıra mühüm hadisələrlə əlamətdardır. Bu sırada Almaniya və İran prezidentlərinin, Vyetnam Kommunist Partiyası Baş katibinin, Avropa Komissiyasının vitse-prezidentinin respublikamıza səfərləri, cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri göstərdi ki, çoxvektorlu xarici siyasi kursu həyata keçirən Azərbaycan qlobal səviyyədə orta gücə çevrilən və yeni dünya nizamının formalaşmasına real təsiri olan dövlətlərdəndir. 

Cənab Prezident İlham Əliyevin mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın xarici siyasətinin növbəti uğurlu hadisəsi olmaqla, respublikamızın beynəlxalq münasibətlər sistemindəki güclü nüfuzunun və dövlətimizin başçısına olan yüksək qlobal ehtiramın növbəti təsdiqinə çevrildi.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənardakı ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönələn hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Bu məsələlərlə bağlı aparılan müzakirələrdə isə Avropa İttifaqı Azərbaycanın da iştirakına böyük ehtiyac duyur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Albaniya Respublikasının Baş naziri Edi Rama və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə iştirak etdi. Görünən odur ki, Avropa İttifaqı Azərbaycanın orta güc kimi regionda və dünyada gedən proseslərdəki iştirakının ümumavropa maraqlarının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olması qənaətindədir.

Lakin o da məlumdur ki, Avropa İttifaqının əvvəlki administrasiyasının rəhbərliyinin yürütdüyü qərəzli və ermənipərəst siyasəti səbəbindən Azərbaycanla bu qurum arasındakı münasibətlərdə soyuqluq yaranmışdı. Ötən ilin noyabrına qədər Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələlərindən məsul olan Cozef Borelin fəaliyyəti, verdiyi açıqlamalar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin ruhuna uyğun deyildi. Açıq-aşkar ermənipərəst mövqe tutan bu adam sanki Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırırdı. Digər tərəfdən Avropa İttifaqının Ermənistandakı mülki missiyasının da müddətinin uzadılması, habelə bu missiyanın genişləndirilməsi münasibətlərdə gərginliyə səbəb olan amildir.

Son dövrlərdə isə dünyada baş verən bir sıra geosiyasi hadisələr, xüsusən yeni dünya nizamının formalaşmasına təsir edən proseslərin yaşanması Avropa İttifaqını öz maraqları ətrafında yeni siyasi xətt yürütməyə məcbur edir. Və bu kontekstdə Avropa İttifaqı Azərbaycanı özünün əsas tərəfdaşlarından biri kimi görür. Qurumun rəsmiləri çox düzgün olaraq anlayırlar ki, istər Avropa İttifaqının enerji təhlükəsizliyi məqsədlərinə nail olunmasında, istərsə də Asiya və Yaxın Şərq istiqamətlərində həyata keçirdikləri siyasi və iqtisadi doktrinanın daha böyük uğur qazanmasında Azərbaycanın yeri və rolu əvəzolunmazdır. Avropa İttifaqının hazırki Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas məhz bu məqsədlə bir neçə həftə əvvəl Azərbaycana səfər etmişdi.

Cənab Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşü də göstərdi ki, bu qurum Azərbaycanın orta güc və regionun lideri kimi yeni dünya nizamının formalaşmasındakı rolunu və yerini anlayır. Bu görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirdilər və ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər. Onların Azərbaycanın Orta Dəhlizdə aparıcı rolunu, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığını qeyd etmələri göstərir ki, respublikamızın orta güc kimi imkanları Avropa İttifaqının maraq dairəsindədir.

Dünyanın nəhəng siyasi və iqtisadi gücləri ilə bərabər, öz coğrafiyalarında əməkdaşlığın genişləndirilməsinə töhfələr verən, eyni zamanda beynəlxalq gündəliyə təsir etmək gücünə sahib olan dövlətlər də beynəlxalq münasibətlər sisteminin fəal subyektləri kimi çıxış edirlər. Belə bir şəraitdə Azərbaycan da öz inkişafı və təşəbbüsləri ilə yeni dünya nizamının formalaşmasına təsir göstərə bilən orta güc kimi özünü tam təsdiqləyib. Bu gün Azərbaycan həm Çinin strateji tərəfdaşıdır, həm də Avropa İttifaqı kimi siyasi-iqtisadi mərkəzin əməkdaşlıq etməyə maraq göstərdiyi regional gücdür.

Ümumiyyətlə Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı göstərir ki, Avropa İttifaqı ilə Azərbayca arasındakı siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcrada davam edir. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına dəvət olunması, bu çərçivədə keçirdiyi görüşlər, o cümlədən siyasi liderləri ilə ayaqüstü söhbətləri isə dövlətimizin başçısının Avropa siyasi dairələrindəki yüksək nüfuzunu və ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi. Azərbaycanla münasibətləri düşmənçilik səviyyəsinə endirmiş Fransa Prezidenti E.Makron belə öz davranışları ilə göstərdi ki, Prezident İlham Əliyev yüksək ehtirama layiq siyasi liderdir.

Cənab İlham Əliyevin timsalında həm də Avropa əsl siyasi liderin necə olmasının mükəmməl nümunəsini gördü. Prezident İlham Əliyevə olan münasibət həm də təsdiqləyir ki, Avropa Azərbaycanı orta güc və qlobal gündəliyə təsir imkanlarına malik olan dövlət kimi qəbul edir.    



Xanlar Fətiyev 
Milli Məclisin deputatı 


  • Bu gün, 15:11