AZ   |   RU
Keniya məhkəməsi 400-dən çox insanı aclıqdan öldürən keşişi terrorizmdə ittiham edib


Ötən ilin aprel ayında 429 nəfərin ölümü ilə bağlı aparılan istintaqla bağlı saxlanılan keniyalı keşiş Pol Makkenzi terrorizmdə ittiham olunub.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Keniyanın Mombasa şəhərinin məhkəməsi keşiş və digər 94 şübhəlinin günahlarını etiraf etməsindən sonra terror ittihamı irəli sürüb. Bundan əlavə, “Xoş xəbərlər” təriqətinin lideri mütəşəkkil cinayətkarlıq fəaliyyətində iştirakda ittiham olunub.

“Xoş xəbərlər” təriqəti Keniyanın şərqində, təxminən 20 il əvvəl onu yaradan keşişin Şakahola meşəsində yerləşən mülkündə yerləşib. Ötən ilin mayında xüsusi ekspert qrupu eksqumasiya edilmiş meyitlərin yarılmasına başlayıb. Araşdırmalar əksəriyyətin aclıqdan öldüyünü göstərib.

Xatırladaq ki, Makkenzi təxminən son 20 ildə aclığın ifrat formalarını təbliğ edib, insanları bunun möminin əbədi həyata qazanmasının ən sürətli yolu olduğuna inandırıb. Şahidlərin dediyinə görə, Makkenzi 2023-cü il aprelin 15-də dünyanın sonunun gələcəyini və qiyamətin qurbanı olmamaq, əbədi əzaba məhkum olmamaq üçün təriqət üzvlərinin aprelin 14-də ölməli olduğunu bəyan edib. Keşiş ötən ilin aprelində təslim olub və hazırda məhkəməsini gözləyir. İttihamların müstəsna ağırlığına görə işə xüsusi tribunalda baxılır.



  • 18-01-2024, 23:37