AZ   |   RU
Naxçıvan DİN Polis Akademiyasına əyani təhsilə kursantların qəbulunu elan edib


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair elan paylaşıb.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, elana əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 500 kursantın qəbulu üçün müsabiqə elan edir.


Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.


İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2024-cü ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.


Sənədlərin qəbulu 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar Şöbəsində həyata keçiriləcək.


Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.


Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.


Seçmə komissiyasının vaxtı barədə ətraflı məlumatlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet saytında, Polis Akademiyası haqqında ətraflı məlumatlar isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Akademiyanın www.pa.edu.az internet saytlarında yerləşdiriləcək.



  • 17-01-2024, 23:15