Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Missiya.Az xəbər verir ki, komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyinə 4 məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın, komitənin 2024-cü il yaz sessiyası üçün iş planının və iki qanun layihəsinin daxil edildiyini söyləyib.
Əvvəlcə, Ziyafət Əsgərov 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. O, diqqətə çatdırıb ki, 2023-cü ilin payız sessiyası ərzində komitənin 14 iclası keçirilib, 28 məsələyə baxılıb. Qeyd olunub ki, ötən sessiyada “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlarda, Cinayət Məcəlləsində, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də və bir sıra digər qanunvericilik aktlarında əlavə və dəyişikliklərlə bağlı layihələr, habelə “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” sənədlər müzakirə olunub və qəbul edilib.
Komitə sədri bildirib ki, payız sessiyasında komitənin ünvanına vətəndaşlardan, idarə və təşkilatlardan 78 ərizə və məktub daxil olub. Müraciətlərə baxılaraq, qaldırılan məsələlərin əksəriyyəti işçi qaydada öz həllini tapıb, bəziləri isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Komitənin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub.
Sonra Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinə baxılacağını söyləyib. Komitə sədri 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, bir sıra digər məsələlərin aktuallığını qeyd edərək, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin hazırlandığını bildirib. O, yaz sessiyası ərzində, həmçinin bu qanun layihəsinin də müzakirəsinin nəzərdə tutulduğunu deyib.
Komitənin 2024-cü il yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
Daha sonra komitə sədri Ziyafət Əsgərov gündəlikdəki qanun layihələrini nəzərə çatdırıb.
Missiya.Az