AZ   |   RU
Yaşıl dünyaya Bakının verəcəyi töhfə - Azərbaycanın artan cazibəsi


Bu gün Azərbaycan dinamik inkişaf edir, eləcə də, ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Əlbəttə ki,sosial-iqtisadi sahədə inkişaf, sabitliyin hökm sürməsi ölkəmizin imicini daha da yüksəldir. Məhz bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu da ölkənin reytinqinin yüksəlməsinə gətirib çıxarır.  

Şərqi Avropa regional qrupunun 2024-cü ilin noyabrında Azərbaycanı COP-29-a ev sahibliyi edəcək ölkə kimi müəyyən etməsi Azərbaycanın növbəti qələbəsidir. Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Bu günə qədər Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilib. Hətta 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə başa çatdı. Hər kəsə məlumdur ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. Təbii ki,bu il keçiriləcək COP-29 heç bir tədbirlə müqayisə edilə bilməz. Azərbaycan COP-29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Hər bir azərbaycanlı bu qonaqları Qalib Vətənimizdə görməyə şad olacaq. Bütün dünyanın gözü Azərbaycana yönələcək. Azərbaycanı o qədər yaxşı tanımayan dövlətlər belə ölkəmizi yaxından tanıyacaq, bizim ölkə ilə bağlı məlumatlar yayacaq, gəlib paytaxt Bakını gəzib-görməyə belə can atacaqlar.

COP-29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi kimi dəyərləndirən ölkə başçımız yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı deyib:

"Azərbaycan COP-29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq".

Artıq bir neçə ölkədən əməkdaşlıq təklifi aldığımızı deyən dövlətimizin başçısı qeyd edib: “Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir”.

Bəli, ətraf mühiti qorumaq bu gün çirklənməkdə olan planetimiz üçün olduqca vacibdir. Azərbaycanda isə hər zaman ətraf mühitin təmizlənməsinə həssaslıqla yanaşılıb. Daim havanın təmizlənməsi üçün ağacların əkilməsi, meşələrin salınması üçün böyük işlər görülür. Məhz Azərbaycan bu mühüm qlobal konfransa ev sahibliyi etməklə də beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir.

Bir sözlə,COP-29-un Azərbaycanda keçirilməsi  ölkəmizin beynəlxalq aləmdə tanınmasında, onun turizm potensialının dünyaya çatdırılmasında  böyük imkanlar açır. Əminik ki, Azərbaycan COP 29-u ən yüksək səviyyədə keçirəcək və beləliklə, Böyük Zəfər qazanmış ölkə dünyaya yenidən öz imicini yüksək səviyyədə nümayiş etdirərək mötəbər tədbirə necə ev sahibliyi edərlər onu sübut edəcək. Bir sözlə, zəfər üstünə zəfər Azərbaycanın əsas missiyasına çevrilib.

Nurlana Əhmədova
Missiya.Az



  • 12-01-2024, 17:15