![](/uploads/posts/2024-01/1705061903_ae533ab9905d1ec55cb4672ec19c42f3.jpg)
“Ermənistan rəhbərliyi hələ 2023-cü ildə sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirdi, hətta bəzi rəsmilər bunun üçün cəmi 15 günlük müddətin kifayət etdiyini inamla söyləyirdi. Ancaq rəsmi İrəvanın illərdir sərgilədiyi destruktiv siyasət nəticəsində bu gün sülh prosesinə belə faktiki olaraq moratorium qoyulub”.
Bu fikirləri Missiya.Az-a açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib. O, bildirib ki, ayın sonlarında sərhəd komissiyalarının növbəti görüşü və müzakirəsi gözlənilir: “Ancaq hesab edirəm ki, Ermənistan rəhbərliyinin siyasi iradəyə sahib olmaması və himayədarlarından asılılığı bu görüşdə ciddi nəticənin əldə olunmasına imkan verməyəcək. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb. Ancaq dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun.
Azərbaycan tərəfi isə hesab edir ki, buna heç bir ehtiyac yoxdur. Düzdür, Azərbaycan dövləti hər hansı zəmanətçinin prosesdə iştirakına da etiraz etmir. Ancaq on illərlə aparılan danışıqların məhz zəmanətçi, vasitəçi adlanan paytaxtların ikili standartları nəticəsində uğursuzluğa düçar olması təcrübəsi də var. Bu mənada Ermənistan növbəti dəfə prosesə əlavə tərəflər cəlb etməklə yekun sənədin imzalanmasını uzatmağa, gələcəkdə revanş imkanı əldə etmək üçün vaxt qazanmağa çalışır.
Fikrimcə, 2024-cü ildə sülh müqaviləsinin imzalanması baş verməyəcək. Həm Azərbaycanda, həm Rusiya və ABŞ-də keçiriləcək prezident seçkiləri, eyni zamanda Avropa Parlamentinə seçkilər Azərbaycan-Ermənistan sülh müqaviləsinə marağı nisbətən arxa plana keçirəcək. Eyni zamanda nə qədər ki, Ermənistan “daşı ətəyindən tökməyib”, yəni məsələlərin ikitərəfli, heç bir vasitəçi olmadan irəli aparmasına qəti qərar verməyib, o halda çoxtərəfli danışıqların da sülh anlaşmasına gətirib çıxaracağını gözləməyə dəyməz.
Sülh Paşinyanın sifarişçilərinin ünvanında - Qərb paytaxtlarından birində imzalanacaqsa, buna Rusiyadan açıq və ya gizli müqavimət görəcəyik, yaxud Rusiyada belə bir sənədin imzalanmasına anti-Rusiya koalisiyasından sürprizlər ola bilər ki, bu da bölgədə gərginliyin tətiklənməsi demək olar. Bir daha xatırlatmaqda fayda var: Ermənistan anlamalıdır ki, bu gün sülh Azərbaycandan daha çox, onun özünə lazımdır”.
Missiya.Az