AZ   |   RU
Mərakeşin Baş naziri: Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır



Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır.

Missiya.Az xəbər verir ki, bu barədə Mərakeş Krallığının Baş naziri Aziz Axanuş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib.

Milli Məclisin sədri Baş nazirə, həmçinin Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsi, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri haqqında da məlumat verib. O, regionda yaranmış sülh perspektivləri barədə də fikirlərini bildirib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri çərçivəsində ölkəmizlə Mərakeş arasında əməkdaşlığın mümkünlüyü də müzakirə olunub. Spiker deyib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi bu ərazilərdə həyatın yenidən bərpa olunmasıdır. Hazırda "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında bu ərazilər bərpa edilir, həmin ərazilər "Yaşıl zona" elan olunub. Milli Məclisin sədri Ermənistan tərəfindən basdırılmış minaların görülən bərpa və yenidənqurma işlərinə ən böyük maneə olduğunu söyləyib.



  • 15-12-2023, 20:40