Türk Ağsaqqalları Birliyi- TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında İlham Əliyevin növbəti il fevralın 7-də keçiriləcək prezident seçkisi namizədliyini rəsmən irəli sürməsi ilə bağlı diqqətçəkən paylaşım edib.
Missiya.Az Ramin Əhmədovun paylaşımını olduğu kimi təqdim edir:
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.
Əslində gözlənilən və təbii qarşılanan qərardır. Cənab Prezident ötən dövrdəki fəaliyyəti ilə xalqın böyük rəğbətini və sevgisini qazanıb. O, hansı vədləri vermişdisə hamısı yüksək səviyyədə yerinə yetirilib, elan etdiyi bütün prioritetlər həyata keçirilib. Qazanılan uğurlar, görülmüş işlərin nəticəsində əldə olunan müsbət irəliləyişlər yeni hədəflərə yol açdı, Prezidentimizi daha böyük qələbələrə ruhlandırdı. Qətiyyət və prinsipiallıq, məharətlə həyata keçirilən dövlət idarəçiliyi, milli maraqlara söykənən heyrətamiz xarici siyasət, dayanıqlı iqtisadi inkişaf və sosial təminatı şərtləndirən dövlət proqram və layihələri, yeni dövrün tələblərinə cavab verən ordu quruculuğu və sair uğurlu fəaliyyət nümunələri əlbəttə ki, ağır dərdimizə də çarə tapılacağının müjdəçisi oldular. Hamılıqla inanırdıq ki, İlham Əliyev torpaqlarımızın işğalına da son qoyub xalqımıza böyük qələbə sevinci yaşadacaq. Belə də oldu, tarixi missiya müvəffəqiyyətlə yerinə yetirildi! Odur ki, İlham Əliyev cənabları bütövlükdə xalqımızın namizədidir. O, 3O illik torpaq həsrətimizi, Zəfər fəxarəti ilə əvəzlədi. İnanılmaz görünən hər nə var idisə, hamısını həqiqətə çevirib öz adını təkcə Azərbaycanın deyil, ümumən dünya tarixinə müzəffər sərkərdə kimi yazdırmağa müvəffəq oldu. Belə bir lideri yenə dövlətimizin sükanı arxasında görmək arzusundan doğal nə ola bilər ki? Tərəddüdsüz deyirəm, İlham Əliyevin varlığı xalqımız üçün böyük xoşbəxtlikdir!
İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz zəfər bütövlükdə regionda yeni reallıqları meydana gətirib, yeni şərtlər, yeni tələblər yaranıb. Qlobal siyasətdə mürəkkəb oyunlar gedir, Qarabağda sürətli quruculuq işləri aparılır, böyük qayıdış proqramı həyata keçirilir. İlham Əliyevin bütün bunları davam etdirməsi və ölkəmizə yeni –yeni uğurlar qazandırması və daha böyük hədəflərə doğru inamla addımlamağımız üçün 7 fevral prezident seçkisinin böyük əhəmiyyəti var. Dəmir yumruq ətrafında yaranmış sarsılmaz ümumxalq birliyin 7 fevral seçkisində də öz sözünü deyəcəyinə inanırıq. Həqiqətən də bu seçki xalqımız üçün Zəfər seçkisi olacaq. Ona da inanırıq ki, seçkinin nəticəsi də İlham Əliyevin bu xalqa bəxş etdiyi Qarabağ boyda səadətə adekvat olacaq!
Elcan
Missiya.Az